FHN-in Akademiyasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib
Bakı, 30 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında professor-müəllim heyəti və kursantların iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.
AZƏRTAC FHN-ə istinadla xəbər verir ki, tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Baba Salayev iştirakçıları əlamətdar bayramlar münasibəti ilə təbrik edib, arzularını çatdırıb.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dünya azərbaycanlılarının milli birliyini simvolizə etdiyini vurğulayan Akademiya rəisi bu bayramın tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, bu gününün qeyd olunması ilə bağlı tarixi qərar 1991-ci il dekabrın 16-da o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Muxtar Respublikanın qanunverici orqanı tərəfindən qəbul edilib. Sonradan sözügedən qərar mərkəzi hakimiyyətin də dəstəyini qazandı və neçə illərdir dünya azərbaycanlıları bu bayramı təntənəli şəkildə qeyd edir.
B.Salayev vurğulayıb ki, Ümummilli Lider tərəfindən konseptual şəkildə işlənmiş və reallaşdırılmış azərbaycançılıq ideyası Ulu Öndərin müdrik siyasətinin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, dövlət başçısı İlham Əliyevin müdrik rəhbərliyi ilə qazanılmış tarixi Zəfər məhz milli həmrəyliyin təntənəsi, prezident-xalq sarsılmaz birliyinin parlaq təzahürü idi.
Sonra tədbir bədii hissə ilə davam edib. Bədii hissədə FHN Akademiyasının hərbi orkestrinin, kursantların və estrada müğənnilərinin vətənpərvərlik ruhunda ifaları səsləndirilib, “Cigitlər” rəqs qrupunun ifasında rəqslər nümayiş etdirilib.