FHN-in bir qrup əməkdaşı minatəmizləmə üzrə kursu uğurla başa vurub
Bakı, 22 avqust, AZƏRTAС
İyulun 24-dən avqustun 19-dək Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin bir qrup əməkdaşı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı ilə Göygöl rayonunda yerləşən Göygöl Olimpiya İdman Kompleksində keçirilən “Humanitar Minatəmizləmə və Döyüş sahəsinin Təmizlənməsi” təlimində iştirak edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, təlim zamanı şəxsi heyətə ərazidə rast gəlinən və ehtimal olunan müxtəlif növ hərbi sursatların, piyada, tank və obyekt əleyhinə, partlayış dalğalı, qəlpəli minaların tanıdılması üzrə nəzəri və praktiki dərslər keçirilmiş və eləcə də humanitar minatəmizləmə və döyüş sahəsinin təmizlənməsi üzrə standartlar, təhlükəsizlik və təxliyə qaydaları öyrədilib.
Təlimi müvəffəqiyyətlə tamamlayan əməkdaşlara müvafiq şəhadətnamələr təqdim olunub.