Fövqəladə Hallar Nazirliyi rentgen müayinələri ilə bağlı əhaliyə müraciət edib
Bakı, 28 avqust, AZƏRTAС
Tibb müəssisələrində zəruri təhlükəsizlik tələbləri təmin edildikdən sonra verilən “xüsusi icazə” olmadan rentgen müayinələrinin həyata keçirilməsi ciddi qanun pozuntusu olmaqla yanaşı, insan həyatı və sağlamlığı üçün təhlükə mənbəyidir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirlik bir daha əhaliyə müraciət edərək, həyat və sağlamlığa yaratdığı təhlükə nəzərə alınaraq rentgen müayinələri üçün yalnız “xüsusi icazə”si olan tibb müəssisələrinə müraciət edilməsini və “xüsusi icazə” olmadan fəaliyyət göstərən müəssisələr aşkarlandıqda nazirliyin 112 - qaynar telefon xəttinə məlumat verilməsini tövsiyə edir.
Rentgen və kompüter-tomoqrafiya müayinələri ilə bağlı “xüsusi icazə”si olan müəssisələrin daim yenilənən siyahısı ilə FHN-in rəsmi internet portalında (https://www.fhn.gov.az/?aze/news/xronika/1/1/1/1000) tanış olmaq mümkündür.
Həmçinin tibb müəssisələrinə əldə etdikləri “xüsusi icazə” sənədinin şüa diaqnostika şöbəsinin girişində asılması tövsiyə olunur.