Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində mülki müdafiə kursları keçirilib
Bakı, 6 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzində 2020-ci il üçün mülki müdafiə kurslarının komplektləşdirmə planına əsasən, martın 2-dən 6-dək “Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbərlər” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, dinləyicilər üçün əhalinin baş verə biləcək fövqəladə hadisələrdən mühafizə üsulları, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, idarəetmə orqanlarının əhalinin mühafizəsi sahəsində rolu və zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsinə dair məşğələlər təşkil olunub. Həmçinin mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi, habelə mülki müdafiə sahəsində vəzifələrin yerinə yetirilməsi mövzuları diqqət mərkəzində olub. Mövzular fotoslaydların müşayiəti ilə təqdim edilib.
Sonra dinləyicilər xüsusi xilasetmə avadanlıqları ilə yaxından tanış olub, kollektiv mühafizə qurğusu olan sığınacağa baxış keçiriblər.
Sonda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə şəhadətnamələr verilib.