FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN MÜLKİ MÜDAFİƏ QOŞUNLARININ ƏSGƏRLƏRİNİN ANDİÇMƏ MƏRASİMİ OLMUŞDUR
Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən AZƏRTAC-a bildirmişlər ki, andiçmə mərasimi Azərbaycanın dövlət bayrağının meydana gətirilməsi ilə başlanmışdır. Bölüklər üzrə tribunanın önündə düzülən gənc əsgərlər Vətəni layiqincə qoruyacaqlarına, əsgəri borcuna şərəflə əməl edəcəklərinə and içmişlər.
Mərasim başa çatdıqdan sonra mitinq olmuşdur. Əlamətdar hadisə münasibətilə əsgərləri təbrik edən fövqəladə hallar nazirinin müavini general-mayor Faiq Tağızadə demişdir ki, bu gün siz and içməklə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün keşiyində layiqincə duracağınıza, silah və hərbi texnikanın sirlərinə dərindən yiyələnəcəyinizə söz verdiniz. Ümidvaram ki, hərbi hissənin adını yüksək tutaraq, əsgəri borcunu şərəflə yerinə yetirəcək, bir xilasedici kimi baş verə biləcək fövqəladə hallar zamanı insanların xilas edilməsi naminə əlinizdən gələni əsirgəməyəcəksiniz. Bu gün siz Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının əsgərləri kimi Vətənə, xalqa sədaqətlə xidmət etmək, Azərbaycanın müstəqilliyinin qorunub saxlanması və ərazi bütövlüyünün təmin olunması uğrunda canınızdan və qanınızdan keçməyə hazır olmağınız barədə and içdiniz. Şübhə yoxdur ki, siz nümunəvi xidmətinizlə daha məsuliyyətli olacaq, verilən tapşırıqları layiqincə yerinə yetirərək, peşəkar xilasedicilər olacaqsınız. Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız düşmən işğalından azad olunacaq, bərpa işlərində yaxından iştirak edəcəksiniz.
Valideynlər adından çıxış edən Zərifə Qurbanova, Hüseyn Şahverdiyev Azərbaycanın müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün etibarlı şəkildə qorunmasında Azərbaycan Silahlı Qüvvələrinin xüsusi rolu olduğunu vurğulamış, gənc əsgərlərə ən xoş arzularını bildirmişlər. Gənc əsgər Mürşid Abbasov yoldaşları adından söz vermişdir ki, içdikləri anda daim sadiq qalacaqlar.
Bu ilin iyun ayında paytaxtın Səbail rayonu ərazisində, Ü.Hacıbəyov küçəsində baş verən yanğının söndürülməsində əzmkarlıq göstərən Mülki Müdafiə Qoşunlarının bir qrup əməkdaşına fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müvafiq əmrinə əsasən mükafatlar təqdim olunmuşdur.
Sonra Mülki Müdafiə Qoşunlarının əsgərləri naməlum paketin zərərsizləşdirilməsi, avtomobil qəzası zamanı zərərçəkmişlərin xilas edilməsi, yanğın zamanı yüksək mərtəbələrdən insanların təhlükəsiz yerə köçürülməsi və s. kimi hallarla bağlı bacarıqlarını nümayiş etdirmişlər.
Həmin gün Naxçıvan və Şamaxıda da Mülki Müdafiə Qoşunları gənc əsgərlərinin andiçmə mərasimi keçirilmişdir.