DÜNYA
Fransada həmkarlar ittifaqları yenidən tətil elan ediblər
Paris, 28 noyabr, AZƏRTAC
Fransada həmkarlar ittifaqları dekabrın 11-dən yeni, davamlı və müddətsiz tətilə başlamaq niyyətlərini bəyan ediblər. Məktəb tətilinə təxminən on gün qalmış ölkədə vəziyyət yenidən gərginləşir. Həmkarlar ittifaqları 2025-ci il yanvarın 1-də Brüsselin tələbi ilə “Fret SNCF”nin iki quruma – “Hexafret”ə və “Technis”ə bölünərək yox olmasına etirazlarını bildirmək niyyətindədirlər. Bu planın Fransa hökuməti və Avropa Komissiyası tərəfindən 5000 nəfərin işlədiyi şirkətin ləğvinə gətirib çıxaracaq restrukturizasiya prosedurundan qaçmaq məqsədi daşıdığı bildirilir.
AZƏRTAC xəbər verir ki, bununla həmkarlar ittifaqları rəhbərliklə və hökumətlə görüşdən əvvəl təzyiq göstərmək istəyirlər. SNCF-nin məlumatına görə, “Fret SNCF” işçilərinin ixtisar edilməməyəcəyinə əmin olmaq, bu işçilərin iki yeni şirkətə köçürülməsi üçün sosial şərtləri müzakirə etmək istəyir.
Həmkarlar ittifaqları moratorium əldə edə bilməsə, tətil qaçılmaz olacaq. Moratoriumun əldə edilməsinə isə şansın az olduğu aydındır. Bildirilir ki, “Fret SNCF”i ləğv etmək qərarı Brüssel və Fransa arasında razılaşmadan irəli gəlir. Sadə dillə desək, Fransa hökumətini 5 milyard avroluq cərimə gözləyir. Ona görə də onun bu razılaşmaya “yox” deməyə heç bir real marağı yoxdur.
Həmkarlar ittifaqları öz mövqeyini dəyişmək üçün Avropa Komissiyasında heyət dəyişikliyinə ümid edir, lakin bu da çətin görünür.
Hazırda əməkhaqqı ilə bağlı məcburi illik danışıqlar aparılır ki, bu da istər-istəməz sosial mühiti gərginləşdirir. Rəhbərlik 2025-ci il üçün 1,5% səviyyəsində gözlənilən inflyasiyadan daha çox - 2,2% artım təklif edir. Həmkarlar ittifaqlarının qərar vermək üçün noyabrın 29-dək vaxtları var.