Füzulidə Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilən tibbi aksiya keçiriləcək
Bakı, 16 mart, AZƏRTAC
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası martın 17-də Füzuli rayonunun Bala Bəhmənli kəndində Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilən tibbi aksiya keçirəcək. Tibbi aksiya saat 09:00-da başlayacaq.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, Səyyar Klinika tərəfindən Füzuli rayonunda Bala Bəhmənli kənd sakinlərinə tibbi xidmət göstəriləcək. Tədbirin məqsədi pasiyentlərin səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və həll etməkdir. Lazım gəldikdə ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin isə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaratmaqdır.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan Səyyar klinika təşkil edilib. Səyyar klinika paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində aksiyalar keçir. Burada əsas məqsəd sakinlərin vaxt itirmədən, elə yaşadıqları yerdə müayinə, müalicə və əməliyyat olunmasıdır. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər gündən-günə artır və bu ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur. Mərkəzin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Bununla yanaşı 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb.