Gələn aydan İtaliyada apteklərdə də koronavirusa qarşı peyvənd vurulacaq
Roma, 30 mart, AZƏRTAC
Aprel ayının sonundan etibarən İtaliyada apteklərdə də koronavirusa qarşı peyvənd vurulacaq.
AZƏRTAC xəbər verir ki, səhiyyə naziri Roberto Speranza Əczaçılar Birliyi və region təmsilçiləri ilə müvafiq saziş imzalayıb. Sazişə əsasən, apteklərdə peyvəndlər yalnız səhhətində heç bir problem olmayan insanlar üçün təklif olunacaq. Hər bir doz üçün hökumət apteklərə 6 avro xidmət haqqı ödəyəcək.
R.Speranza bildirib ki, bütün ölkə ərazisini əhatə edən vaksinasiya kampaniyası ölkə həyatında ağır dövrə son qoymaq üçün açar rolu oynayacaq. Apteklərdə peyvəndlərin təklif olunması bu kampaniyanın sürətlənməsinə öz töhfəsini verəcək.
Hazırda İtaliyada bütün ölkə üzrə 1990 məntəqədə peyvəndləmə həyata keçirilir. Apteklər də bu şəbəkəyə qoşulduqdan sonra peyvənd vurulan məntəqələrin sayı bir neçə dəfə artacaq.
Qeyd edilməlidir ki, Avropada koronavirus pandemiyasının ən ağır zərbə vurduğu ölkələrdən biri olan İtaliyada üç peyvənddən (“BioNTech/Pfizer”, “Moderna” və “AstraZeneca”) tətbiq olunur. Aprel ayının ortalarından etibarən isə “Johnson & Johnson“ şirkəti öz istehsalı olan peyvəndləri İtaliyaya göndərəcək. İtaliya payız aylarında yerli istehsal olan “ReiThera“ peyvəndini bazara çıxarmağa hazırlaşır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Roma