İQTİSADİYYAT
Gələn il üçün müdafiə və milli təhlükəsizlik xərcləri açıqlanıb

Bakı, 21 sentyabr, AZƏRTAC
2024-cü ildə müdafiə və milli təhlükəsizlik üzrə xərclərin 6 milyard 421,0 milyon manat olması proqnozlaşdırılıb.
AZƏRTAC Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra ölkəmiz tərəfindən bölgədə ədalətli və davamlı sülhün bərqərar olunması və iki ölkə arasında münasibətlərin normallaşdırılması məqsədilə bir sıra siyasi-diplomatik xarakterli addımlar atılıb. Lakin Ermənistan hökumətinin sülh prosesinə qeyri-konstruktiv yanaşma sərgiləməsi, müşahidə olunan separatizm meyilləri və bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşması ilə bağlı cəhdlərin nəticəsiz qalması arzuolunan sülh və sabitliyə qarşı təhdidlər yaradır. Bu baxımdan, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi və hərbi potensialın artırılması ilə bağlı tədbirlərin davam etdirilməsi üçün 2024-cü ilin dövlət büdcəsində 3,0 milyard manat maliyyə təminatının yaradılması nəzərdə tutulur.