Gənc azərbaycanlı yazıçının hekayəsi Litvada dərc edilmişdir
Bakı, 11 iyul (AZƏRTAC). Litvanın “Şimal Afinası” həftəlik ədəbiyyat və incəsənət qəzetinin 6 iyul nömrəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü Pərvin Nurəliyevanın “Samir üçün” adlı hekayəsi dərc edilmişdir.
Diasporla İş Üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, hekayəni Litva dilinə Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Mahir Həmzəyev və litvaşünas Edita Ratkuviene çevirmişlər. Əsər gənc yazar Pərvinin Azərbaycan Yazıçılar Birliyi və “Təhsil” nəşriyyatının birgə layihəsi olan “Müəllifin ilk kitabı” seriyasından çapdan çıxmış “Qar yağacaq” adlı hekayələr toplusundan götürülmüşdür. Qəzetdə müəllifin həyat və yaradıcılığı barədə məlumatlar da yer almışdır.
Qeyd edək ki, Mahir Həmzəyev otuz ildən artıqdır ki, Litvada Azərbaycan ədəbiyyatını təbliğ edir. O, 1988-ci ildə Vilnüsdə yaratdığı Litva Azərbaycanlıları Cəmiyyətinin xətti ilə də milli-mənəvi və mədəni dəyərlərimizin qorunub saxlanılmasını və yayılmasını təşkil edir, xalqımızın zəngin ədəbi-mədəni irsi ilə litvalıların öz ana dillərində tanış edilməsi işinə töhfələr verir.
Mahir Həmzəyev indiyədək Azərbaycan xalq nağıllarını, Nizami, Abdulla Şaiq, Bəxtiyar Vahabzadə və digər yazıçılarımızın əsərlərini Litva dilinə tərcümə edib çap etdirmişdir.