GƏNC CAZ MUSİQİSİ İFAÇILARININ KONSERTİ OLMUŞDUR
Konserti açan Rahib Azəri “Neftçi” komandasının keçmiş oyunçularından birini - Valeri Hacıyevi səhnəyə dəvət etmişdir. V.Hacıyev caza məhəbbətindən danışmış, nəvəsi, gənc caz musiqisi ifaçısı, pianoçu Fəridi təqdim etmişdir. Fərid dostları - 4 nömrəli musiqi məktəbinin şagirdləri ilə birlikdə Yubi Bleykin, Rey Çarlzın, Dyuk Elinqtonun və digər caz korifeylərinin kompozisiyalarını səsləndirmişdir.
Qeyd etmək lazımdır ki, son illər gənc cazmenlər arasında qızlara getdikcə daha çox rast gəlirik. Pianoçu Aysel Quliyevanın istedadına heç kəs biganə qalmadı. O, hamımıza yaxşı tanış olan mürəkkəb caz kompozisiyalarını zərif cinsə xas incəlik və coşğunluqla ifa etmişdir. Vokalçılar Nərgiz Mikayılovanın və Cahan Əzimzadənin çıxışları hərarətlə qarşılanmışdır.
Arif Cahangirovun rəhbərliyi ilə saksafonçular qrupunun, pianoçular İmam Bayramlının, Tural Əliyevin, Vitali Volkovun, habelə şöhrətli sülalənin nümayəndəsi - istedadlı pianoçu İsfar Sarabskinin çıxışları dinləyicilər tərəfindən sürəklə alqışlanmışdır.
Konsertin birinci hissəsinin sonunda gənc cazmenlərin hamısına “Bakı Caz festivalı - 2006”nın laureatı diplomları təqdim edilmişdir. Konsertin ikinci hissəsi iyunun 22-də olacaqdır.