“Gənc düşüncə: Yaradıcı zəfərlər” - Oğuz gəncləri üçün yeni layihə
Oğuz, 26 iyun, AZƏRTAC
Oğuz rayon Statistika İdarəsinin akt zalında Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “Gənc düşüncə: yaradıcı zəfərlər” adlı təlim keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimdə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi Elvin Qarayev çıxış edərək gənclərin şəxsi inkişafında bu cür təşəbbüslərin əhəmiyyəti barədə ətraflı məlumat verib. Qeyd olunub ki, təlimin keçirilməsində məqsəd gənclərin yaradıcı düşüncə bacarıqlarının inkişaf etdirilməsi, innovativ ideyaların təşviqi, şəxsi inkişaf və uğura aparan düşüncə tərzinin formalaşdırılmasıdır.
Daha sonra süni intellekt əsaslı marketinq platforması olan “Viralix”in təsisçisi Ramal Ağakişi çıxış edərək süni intellektin imkanları, gələcək perspektivləri, eləcə də marketinq və satış sahələrindəki rolu haqqında gəncləri məlumatlandırıb.
Təlim zamanı mövzu ətrafında gəncləri maraqlandıran suallar cavablandırılıb, iştirakçılarla fikir mübadiləsi aparılıb.
Tədbirdə iştirak edən gənclər süni intellekt sahəsində fəaliyyət göstərən şirkətin təsisçisinə gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Təlim çərçivəsində iştirakçılar yaradıcılıq, motivasiya, problem həlli və liderlik bacarıqları ilə bağlı faydalı məlumatlar əldə edib, interaktiv müzakirələrdə iştirak ediblər.
Müxbir - Rasim İslamoğlu