“Gənc istedadlar” liseyində tədbir: Şanlı Qələbə
Bakı, 21 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin V sinif şagirdlərinin iştirakı ilə keçirilən “Şanlı Qələbə” adlı tədbirdə şəhidlərin əziz xatirəsi anılıb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Tədbirdə liseyin direktoru Arif Bağırov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunduğunu, böyük Zəfər qazandığımızı qeyd edib.
Liseyin gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Nihat Abdullayev keçdiyi döyüş yolundan danışıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən bəhs edib, Vətən müharibəsində hərbi texnika və texnologiyalardan məharətlə istifadə edən Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazdığını söyləyib, böyük Qələbəmizin əhəmiyyətini vurğulayıb.
Liseyin musiqi müəllimi Kəmalə Əliyeva tarixi Qələbəmizin təbliğinin şagirdlərin vətənpərvərlik ruhunun inkişaf etdirilməsində mühüm rol oynadığını deyib.
Sonra V sinif şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya təqdim olunub.