“Gənc istedadlar” liseyinin şagirdləri respublika fənn müsabiqələrində 8 medal qazanıb
Bakı,19 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında və respublika fənn müsabiqələrində böyük uğura imza atıblar.
BDU-dan AZƏRTAC-a bildirilib ki, Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının nəticələrinə görə, liseyin V sinif şagirdləri Cahid Kazımlı, Elcan Kazımlı və Şamil Məmmədli qızıl, Sevda Mehdizadə, Yağmur Tağıyeva, Tofiq Abdullayev, Abdurrəhman Nəsirov və Tuncay Səmədli gümüş, Ülvi Məmişzadə, Tunar Məhyəddinli, Səlcuq Hüseynli, Ərəstun Fərzəliyev və Nəzakət Bayramova isə bürünc medala layiq görülüblər.
Respublika fənn müsabiqələrinin yekun nəticələrinə əsasən isə liseyin VII sinif şagirdləri Məhəmmədəli Bağırzadə riyaziyyat üzrə, Nərmin İsmayılova kimya üzrə və Tuncay Şirinli biologiya üzrə qızıl, VI sinif şagirdi Murad Abdulla informatika fənni üzrə gümüş, VI sinif şagirdləri Zəhra Yahyayeva, Aysu Səfərova, Əli Əmiraslanov və VII sinif şagirdi Şahmar Əsədov riyaziyyat fənni üzrə bürünc medal qazanıblar.
Elm və Təhsil Nazirliyinin, Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən müsabiqələrin təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasıdır.