Gənc könüllülər təqaüddə olan qadın müəllimlərlə görüşüblər
İsmayıllı, 7 mart, AZƏRTAC
İsmayıllıda Beynəlxalq Qadınlar Günü münasibətilə gənc könüllülər təqaüddə olan bir qrup qadın müəllimin evinə gedib, onların əziz bayramlarını təbrik ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər bələdiyyəsi və İsmayıllı Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan görüşlər zamanı vaxtilə şəhərin müxtəlif məktəblərində müəllim işləyən və hazırda təqaüddə olan xanımlar əlamətdar gündə onlara göstərilən diqqətə görə məmnunluqlarını bildiriblər. Şəhər 1 və 3 nömrəli ümumtəhsil məktəblərinin təqaüdçü müəllimləri Xuraman Osmanova, Səlahət Əsədova, Gülzar Zülfüqarova bələdiyyəyə və Azərbaycan gənclərini xeyirxah əməllərə sövq edən bu hərəkatın təşəbbüsçülərinə təşəkkür ediblər.