GƏNC LİDERLƏR UŞAQ TƏŞKİLATININ ELAN ETDİYİ “XOCALI AYI”NA YEKUN VURULMUŞDUR
Bakı, 26 fevral (AZƏRTAC). “Gənc Liderlər” Uşaq Təşkilatının (GLUT) elan etdiyi “Xocalı ayı”na yekun vurulmuşdur. Bu münasibətlə fevralın 26-da Səbail rayonundakı 7 nömrəli məktəbdə dəyirmi masa keçirilmişdir.
Xocalı faciəsində 63 uşağın qətlə yetirilməsini erməni vəhşiliyinin nümunəsi kimi qiymətləndirən GLUT-un sədri Fərid Şahbazlı azərbaycanlı uşaqların bu faciəni heç zaman unutmayacağını və həmyaşıdlarının qanının yerdə qalmayacağını bildirmişdir.
F.Şahbazlı qeyd etmişdir ki, “Xocalı ayı” çərçivəsində təşkilatımız mindən artıq ünvana “e-mail hücum” təşkil etmişdir. Xocalı faciəsi barədə ingilis dilində məlumatlar göndərdiyimiz şəxslər arasında Fransa, İsrail, ABŞ, Rusiya, Uqanda, Pakistan parlamentlərinin deputatları və digər beynəlxalq təşkilatlar var. Bundan əlavə, aylıq çərçivəsində Bakının 7, 47, 207, 258, Cəlilabad rayonunun 1 və 8 nömrəli məktəblərində Xocalı qətliamı ilə bağlı debatlar təşkil edilmişdir. Eyni zamanda, Böyük Britaniya səfirliyində görüş keçirilmiş, TV-lərdə faciə ilə bağlı uşaqların çıxışları təşkil edilmişdir.
Dəyirmi masa da çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova GLUT-un aylıq çərçivəsində gördüyü işləri təqdirəlayiq hesab edərək, Xocalı faciəsinin başvermə səbəblərindən danışmışdır. X.Bayramova Xocalı soyqrımında zərər çəkən uşaqlara və onların ailələrinə daha çox diqqət göstərilməsinin vacibliyini vurğulayaraq, bu işdə hamını səfərbərliyə çağırmışdır.
7 nömrəli məktəbin direktor müavini Elmira İbrahimova, “Parlaq Gələcək” Gənclər Təşkilatının sədri Aqil Mehdi faciənin bəşəriyyətə və sülhə qarşı olduğunu deyərək, ermənilərin vəhşiliklərini konkret faktlarla əsaslandırmışlar.
Toplantıda çıxış edən GLUT üzvləri, məktəblilər erməniləri uşaq qatili adlandırmışlar.