MƏDƏNİYYƏT
Gəncə Dövlət Filarmoniyasında Xalq artisti Mobil Əhmədovun xatirəsi anılıb
Bakı, 11 sentyabr, AZƏRTAC
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Gəncə və gəncəlilər” layihəsi çərçivəsində Xalq artisti, professor Mobil Əhmədovun 93 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının birgə təşkilatçılığı ilə reallaşan tədbirdə sənətkarın qızı Nigar Əhmədova atası ilə bağlı xatirələrini bölüşüb.
Gecədə Mobil Əhmədovun tələbəsi, Əməkdar artist Ramil Qasımov, Kəmalə Tağızadə, Almaz Ələsgərova, Xalq artistləri Heydər Anatollu, Səttar Nəsirov və Sevinc İbrahimova, həmçinin solistlər Rüstəm Cəfərov, Elmir Pişnamazzadə, Məhərrəm Qasımov, Vasif Bayramov və Şaban Cəfərov sənətkarın repertuarından əsərlər ifa ediblər.
Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Əsgərin mahnısı, Tofiq Quliyevin “Sevgilim”, “Badamlı”, Rauf Hacıyevin “Ay qız”, Oqtay Kazıminin “Ey xəyal” əsərləri səsləndirilib.