Gəncə şəhər sakinindən narkotik maddə götürülüb
Bakı, 3 mart, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qara bazarda qiyməti təxminən 40 min manat olan külli miqdarda heroin dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, narkotik maddələri qanunsuz əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Məhərrəm Əliyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 2 qram heroin aşkar edilərək götürülüb.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin şəhər ərazisindəki mənzilinə baxış keçirilib. Evdən 578 qram heroin aşkarlanıb.
Götürülən maddi sübutlar ekspertizaya təqdim olunub. M.Əliyev barəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.