Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanılıb VİDEO
Gəncə, 25 iyun, Elcan Məmmədov, AZƏRTAC
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, monitorinqlər zamanı bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərə konstruksiya dəyişikliyi etməsi, başqa dövlətə məxsus saxta qeydiyyat nişanı taxması, qadağan olunmuş səs siqnalları vasitələrindən istifadə edərək, digər hərəkət iştirakçılarına təhlükə yaratması və vətəndaşların haqlı narazılığına səbəb olması müəyyənləşib. Həmin sürücülər saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.
Bundan başqa, monitorinqlər nəticəsində Elgün Lətifinin “VAZ 2107” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşması məlum olub. Həmin şəxs barəsində DYPB-nin əməkdaşları inzibati qaydada protokollar tərtib edərək, baxılması üçün məhkəməyə göndərib. Məhkəmənin qərarı ilə E.Lətifi sürücülük hüququndan 1 illik məhrum edilməklə 20 sutka inzibati qaydada həbs olunub.