Gəncədə Azərbaycan Texniki Universitetinin tədris filialı açılıb
Bakı, 24 sentyabr, AZƏRTAC
"Azəralüminium" MMC-nin Gəncə Alüminium Kompleksində Azərbaycan Texniki Universitetinin (AzTU) Metallurgiya və materialşünaslıq fakültəsinin tədris filialı açılıb.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, açılış mərasimində rektor Vilayət Vəliyev, "Azəralüminium" MMC-nin direktoru Maksim Cavadov, "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin baş direktoru Kamran Nəbizadə, universitetin və kompleksin nümayəndələri iştirak ediblər.
Bildirilib ki, Gəncədə AzTU-nun tədris filialının açılması bu bölgədə metallurgiya sahəsində kadr hazırlığının inkişafına təkan verəcək. Gələcəkdə fakültə filialının bir hissəsi tədqiqat mərkəzi kimi fəaliyyət göstərəcək, birgə elmi-innovativ işlər həyata keçiriləcək. Eyni zamanda, AzTU-nun bazasında kompleksin tədris laboratoriyasının yaradılması barədə razılıq əldə olunub.
Qeyd edək ki, kompleksdə AzTU-nun bakalavr və magistr tələbələrinin təcrübələrinin təşkili, onların buraxılış işi və magistr dissertasiyalarının mövzularının bu sənaye sahəsindən götürülməsinin təmin edilməsi, regionda yaşayan tələbələr üçün ehtiyac yarandıqda tədris prosesinin həyata keçirilməsi imkanları, birgə elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Bundan başqa, Gəncə Alüminium Kompleksi ilə birgə texniki peşə və orta ixtisas təhsilinin təşkili imkanları planlaşdırılır.