Gəncədə “Bölgələrdə əczaçılıq sahəsinin mövcud vəziyyəti və perspektivləri” mövzusunda respublika konfransı keçirilib
Gəncə, 7 mart, Rauf Hacıyev, AZƏRTAC
“Əczaçılar Klubu” İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində “Bölgələrdə əczaçılıq sahəsinin mövcud vəziyyəti və perspektivləri” mövzusuna həsr olunmuş respublika konfransı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Əczaçılar Klubu” İctimai Birliyi tərəfindən bölgədə ilk dəfə təşkil olunan konfransın keçirilməsində məqsəd bu istiqamətdə fəaliyyət sahəsini genişləndirmək və əczaçılıq sahəsinin problemləri ilə daha dərindən tanış olmaqdır.
Tədbiri açan “Əczaçılar Klubu” İctimai Birliyinin sədri, əczaçı Şövqi Bünyadov əvvəlcə ictimai birlik haqqında məlumat verib. Respublika əczaçılarının ilk ictimai birliyi olan “Əczaçılar Klubu”nun yaranma səbəbləri, fəaliyyət istiqamətləri barədə danışan məruzəçi bildirib ki, birliyin əsas məqsədi əczaçılara öz fəaliyyətlərini vicdanla, ləyaqətlə yerinə yetirməkləri üçün kömək göstərmək, eyni zamanda, onların hüquq və maraqlarını müdafiə etməkdir.
Qeyd edilib ki, “Əczaçılar Klubu” İctimai Birliyinin ən vacib missiyası Azərbaycan əczaçılıq məktəbini cəmiyyətə tanıtmaqdır. Şövqi Bünyadov çıxışında, həmçinin əczaçılıq sahəsinin mövcud vəziyyətindən, həllini gözləyən problemlərdən və onların həlli yollarından danışıb.
Konfransda çıxış edən tədbirin baş sponsoru “Servier” MMC-nin rəsmi nümayəndəsi bu əməkdaşlığın faydaları və gələcək planlar haqqında məlumat verib.
Əczaçılıq sahəsinin bölgələrdə inkişafı və savadlı mütəxəssislərin yetişməsinin vacibliyi haqqında danışan Azərbaycan Dövlət Aqrar Universitetinin əczaçılıq kafedrasının müdiri Mirzə Əliyev mövcud problemlərin paytaxtdan kənarda özünü daha kəskin göstərdiyini qeyd edib və bu problemlərin həllində “Əczaçılar Klubu” İctimai Birliyinin dəstəyinin vacibliyini vurğulayıb.
Tədbirin tərəfdaşlarından olan yerli istehsalçı şirkət “Herba Flora”nın nümayəndəsi Sənan Rüstəmov əczaçı və dərman şirkətləri arasındakı əməkdaşlığın əhəmiyyətindən danışıb və öz üzərlərinə düşən missiyanı şərh edib.
“Əczaçılar Klubu” İctimai Birliyinin sədr müavini, İdarə heyətinin üzvü, əczaçı Telman Əliyev, “Alpen Pharma AG”nin Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Röya Quliyeva, yerli əczaçılar çıxış edərək mövcud problemlərin həlli yollarını və daha səmərəli əməkdaşlığın, əhaliyə daha yüksək xidmət göstərilməsinin perspektivlərini müzakirə ediblər.