Gəncədə fəaliyyət göstərən restoranda nöqsanlar aşkarlanıb
Bakı, 5 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində AQTA-nın əməkdaşları tərəfindən Gəncə şəhərinin Z.Hacıyev küçəsi, ev 109 ünvanında fəaliyyət göstərən “Yeni Günəş” restoranında keçirilmiş planlı yoxlama zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin və qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı müəssisədə mal qonşuluğu qaydalarına riayət olunmadığı, mətbəxdə havalandırma sisteminin quraşdırılmadığı, təmizlik işlərinin aparılmasına dair müvafiq sənədlərin olmadığı, məişət tullantıları üçün ağzı hermetik zibil qablarının yerləşdirilmədiyi və digər nöqsanlar aşkarlanıb. Nöqsanlarla bağlı sahibkar barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub və icrası məcburi göstərişlər verilib.
Qeyd edilib ki, AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.