Gəncədə mövcud ekoloji vəziyyətlə bağlı elmi-praktik konfrans
Gəncə, 29 dekabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Texnologiya Universitetində (ATU) “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mövcud ekoloji vəziyyət: Müasir çağırışlar və problemlərin həlli yolları” adlı elmi-praktik konfrans keçirilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, konfransın plenar iclası Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin yad edilməsilə açıq elan edilib.
Çıxış edən ATU-nun rektor əvəzi dosent Yaşar Ömərov bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan ərazilərində ermənilər tərəfindən törədilmiş ekoloji cinayətin elmi əsaslarla monitorinqi, torpaq və su ehtiyatlarının, bioloji müxtəlifliyin işğaldan əvvəlki və mövcud vəziyyətinin müqayisəli təhlili, bərpası, mühafizəsi və səmərəli istifadəsi üzrə tədqiqatları aktuallaşdırıb. Y.Ömərov konfransda müzakirə olunan məsələlərin işğaldan azad edilmiş ərazilərdə ekosistemin bərpası istiqamətində aparılan işlərə töhfə verəcəyinə ümid etdiyini bildirib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, Mingəçevir Dövlət Universitetinin rektoru, dosent Şahin Bayramov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsini icra edən dosent Zəfər Qurbanov və digərləri çıxış edərək mövzunun aktuallığına diqqət çəkib, konfransın işinə uğurlar arzulayıblar.
Plenar iclasın sonunda Turizm sənayesinin təşkili və ekologiya kafedrasının professor əvəzi Elşad Məmmədovun “İşğaldan azad olunmuş ərazilərdə ekoloji terror” adlı geniş məruzəsi dinlənilib.
Sonra konfrans öz işini panel iclasda davam etdirib.