ELM VƏ TƏHSİL
Gəncədə törədilmiş terrorda həlak olanların xatirəsi anılıb
Bakı, 13 oktyabr, AZƏRTAC
Gəncə şəhərində Elm və Təhsil Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Gəncə şəhəri Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Tarixin Gəncə səhifəsi” adlı tədbir keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd 2020-ci ilin oktyabr ayında Gəncə şəhərində törədilmiş terror hadisələri və həlak olanların xatirəsini yad etməkdən ibarət olub.
Tədbir çərçivəsində məktəblilər terror törədilən məkana yürüş ediblər. Terror nəticəsində həlak olanların xatirəsi birdəqiqəlik sükutla yad edilib, hadisə yerinə gül dəstələri qoyulub.
Tədbir zamanı 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Gəncə şəhəri Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri müxtəlif ədəbi-bədii kompozisiyalarla çıxış ediblər. Eyni zamanda, uşaqların ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.