Gəncənin dağ yəhudiləri Pesax bayramını qeyd ediblər
Bakı, 11 aprel, AZƏRTAC
Gəncə şəhərində Pesax bayramının keçirilməsi mərasimində STMEGI Fondunun Azərbaycandakı nümayəndəliyinin başçısı Şaul Davıdov, yerli yəhudi icmasının başçısı Arif Babayev, Gəncə şəhər İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölməsinin və “Yeni Azərbaycan” Partiyasının Gəncə şəhər təşkilatının nümayəndələri iştirak ediblər.
AZƏRTAC “stmegi.com” saytına istinadla xəbər verir ki, Şaul Davıdov dəyişən müasir dünyada əsrlərboyu yaranan dəyər və ənənələrin qorunmasının çox vacib olduğunu vurğulayaraq deyib: “Yəhudilər və digər milli azlıqlar Azərbaycanda özlərini həmişə təhlükəsiz hiss ediblər. Azərbaycanda yaşayan xalqlar arasında heç vaxt fikir ayrılığı olmayıb, hamı dostluq və qarşılıqlı anlaşma ab-havasında yaşayıb. Bu ənənə qorunub saxlanılıb”.
Arif Babayev qeyd edib ki, Azərbaycan yəhudiləri təhlükəsiz şəraitdə yaşayırlar və ölkədə hökm sürən unikal tolerantlıq atmosferi sayəsində ksenofobiyanın hər hansı təzahürü ilə rastlaşmırlar. O deyib: “Yəhudilər tarixən azərbaycanlılarla dinc və əmin-amanlıq şəraitində yaşayıblar. Azərbaycanda yəhudilər hətta Novruz bayramını qeyd edirlər. İndi də azərbaycanlı qardaşlarımız bizim bayramda iştirak edirlər. Gəncədə yaşayan yəhudilər azərbaycanlılarla dinc və əmin-amanlıq şəraitində yaşayaraq, öz adət-ənənələrini qoruyub saxlayıblar”.
Yerli dağ yəhudiləri icmasının üzvü Vidadi Qaracayev Azərbaycanın firavan ölkə olduğunu vurğulayıb: “Mənim 75 yaşım var. Bu müddətdə mən bu ölkədə özümü heç vaxt qərib hiss etməmişəm. Gəncədə azərbaycanlılarla yanaşı xeyli sayda ruslar, yəhudilər, digər xalqların təmsilçiləri yaşayır. Yəhudilərin Azərbaycanda yaşadıqları bütün bu dövr ərzində onlar heç vaxt sıxışdırılmayıblar. Bu ölkədə burada yaşayan bütün xalqların nümayəndələrinə qarşı tolerantdırlar. Dağ yəhudiləri öz dualarında Prezident İlham Əliyevə cansağlığı diləyirlər”.