İDMAN
Gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyində ilk yarış gününün qalibləri müəyyənləşib
Bakı, 11 may, AZƏRTAC
Mayın 11-12-də Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında yaşı 20 və 23-dək olan gənclər arasında keçirilən ağır atletika üzrə Azərbaycan birinciliyində ilk yarış günü arxada qalıb.
Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, körpücük üzərinə əvvəlcə yaşı 20 və 23-dək qadınlar çıxıblar. Onlar Sinkleyr cədvəlinə uyğun mütləq qalibləri müəyyənləşdiriblər. Yaşı 20-dək olan qadınların mübarizəsində toplam 172 kiloqram (74+98) nəticə və 249,5 xalla Səbinə Əzimova, 23 yaşlılarda isə 152 kiloqram (67+85) nəticə və 233,4 xalla Mərizyə Məhərrəmova qızıl medal qazanıb.
Kişilər arasında körpücük üzərinə əvvəlcə çəkisi 55 kiloqramadək olan atletlər çıxıblar. Qobustanlı Tehran Məmmədov toplam 196 kiloqram (90+106) nəticə ilə bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib çıxıb. İkinci pilləni toplam 190 kiloqram (86+104) nəticə ilə İsmayıl Məmmədov, üçüncü pilləni isə 176 kiloqram (80+96) nəticə ilə Əvəz Tağıyev tutub.
Günün sonunda kişilər arasında çəkisi 61 kiloqramadək olan atletlər mübarizəyə qoşulublar. Toplam 226 kiloqram (100+126) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxan Elşən Məmmədov qalib adını qazanıb. Sonrakı yerləri müvafiq olaraq toplam 222 kiloqram (101+121) nəticə ilə Rusif Əhmədov, toplam 218 kiloqram (98+120) nəticə ilə Ömər Cavadov tutublar.
Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edir.
Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.