Gənclər hərbi mütəxəssislər, Vətən müharibəsi veteranları və qazilərlə görüşüblər
Beyləqan, 24 iyun, AZƏRTAC
Xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Xocavənd qəsəbəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda çağırışyaşlı gənclərlə hərbi mütəxəssislərin, Vətən müharibəsi veteranlarının və qazilərin görüşü keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib ki, ordu dövlətin suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. Azərbaycanın dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olunsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün olub. Fəxrlə deyə bilərik ki, Ümummilli Liderin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün gücü ilə qürurlandığımız 105 yaşlı Azərbaycan Ordusudur. Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu illərdə daim Azərbaycan Ordusunu və onun formalaşması prosesini diqqət mərkəzində saxlamışdır.
Qeyd olunub ki, bu gün Ümummilli Liderin ordu quruculuğu sahəsindəki siyasi kursu uğurla davam etdirilir. Azərbaycan Silahlı Qüvvələri döyüş və mənəvi-psixoloji hazırlıq sahələrində böyük uğurlar əldə edərək gündən-günə daha da güclənir və qüdrətlənir. Orduya dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qarantı kimi baxan hər bir Azərbaycan vətəndaşı bu gün öz ordusu ilə sözün əsl mənasında, fəxr edir.
Digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin zəngin ömür yolundan və ordu quruculuğu istiqamətindəki tarixi fəaliyyətindən söz açıblar.
Tədbirdə Vətən müharibəsi iştirakçıları, hərbi mütəxəssislər çağırışyaşlı gənclərə tövsiyələrini veriblər.