Gənclər təşkilatları “Xocalı soyqırımı” abidəsinə yürüş ediblər
Bakı, 26 fevral, AZƏRTAC
Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar fevralın 26-da ölkənin 100-dən çox aparıcı gənclər təşkilatının nümayəndələri Xətai rayonunda ucaldılmış Xocalı soyqırımı abidəsini ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, gənclər abidənin önünə gül dəstələri düzərək faciə qurbanlarının xatirəsini dərin ehtiramla anıblar.
Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və insanlığa qarşı törədilmiş bu qətliamı bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədi daşıyan yürüş, eyni zamanda, onu göstərir ki, xalqımız xüsusilə, gənclərimiz bu faciəni heç vaxt unutmayacaq və unutdurmayacaq. Azərbaycan gəncləri tarixi ədalətin bərpası, bəşəriyyətə qarşı belə cinayətlərin təkrarlanmaması, Xocalı qətliamının soyqırımı aktı kimi tanınması istiqamətində fəaliyyəti bundan sonra da davam etdirəcəklərini bildiriblər.