GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİ İSTEDADLI VƏ YARADICI GƏNCLƏRİ MÜKAFATLANDIRMIŞDIR
AZƏRTAC xəbər verir ki, fevralın 1-də Gənclər və İdman Nazirliyinin əməkdaşları, gənclər təşkilatlarının və idman ictimaiyyətinin nümayəndələri Fəxri xiyabanda olmuşlar. Onlar ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, ulu öndərin məzarı üstünə əklil və gül-çiçək dəstələri qoymuşlar. Elə həmin gün gənclər Şəhidlər xiyabanını ziyarət etmiş, Azərbaycanın azadlığı uğrunda şəhid olmuş qəhrəmanların məzarları üstünə gül qoymuş və “Əbədi məşəlin” önünə əklil qoymuşlar.
“Park İNN” hotelində keçirilən tədbirdə 2007-ci ildə elm, texnika, təhsil, mədəniyyət, incəsənət sahəsində və respublikanın ictimai-siyasi həyatında yüksək nailiyyətlər əldə etmiş yaradıcı və istedadlı gənclərə nazirliyin təsis etdiyi “Gənclər mükafatı” təqdim olunmuşdur.
Tədbirdə müxtəlif nominasiyalar üzrə, o cümlədən kompyuter oyunları üzrə milli çempionatın, Beynəlxalq Musiqi Festivalı Müsabiqəsinin, “Sərhəd” hərbi-idman oyununun qalibləri mükafatlandırılmışlar. Həmçinin qeyri-hökumət və tələbə gənclər təşkilatları, dünya olimpiadalarında qızıl medal almış orta məktəb şagirdləri, yaradıcılıq ittifaqları və digər qurumlar da mükafatlara layiq görülmüşlər.
Ötən il dövlət gənclər siyasəti sahəsində həyata keçirilən tədbirlərin təbliğ olunmasında uğurlu fəaliyyətinə görə Azərbaycan Dövlət Teleqraf Agentliyi - AZƏRTAC Gənclər və İdman Nazirliyinin xüsusi mükafatını almışdır.