GƏNCLƏRİN MÖVQEYİ BELƏDİR: AZƏRBAYCANDA PARLAMENT SEÇKİLƏRİ AZAD, ƏDALƏTLİ, DEMOKRATİK VƏ ŞƏFFAF KEÇİRİLMİŞDİR
YAP Gənclər Birliyinin sədr müavini Zaur Rzayev toplantını giriş sözü ilə açaraq parlament seçkilərinin azad, ədalətli, şəffaf və demokratik keçirilməsi üçün yaradılan şəraitdən danışdı. Natiq dedi ki, seçkilərdə iştirak etən bütün namizədlərə bərabər şərait yaradılmış, seçkilərin demokratik və şəffaf keçirilməsi üçün bütün zəruri tədbirlər görülmüşdür. Eyni zamanda namizədlərin vəkilləri, müşahidəçilər və mətbuat qanunla nəzərdə tutulan bütün səlahiyyətlərindən azad şəkildə istifadə edə bilmişlər. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan dövləti demokratik dəyərləri yüksək qiymətləndirir.
Çıxış edən digər natiqlər seçkilərdə əldə olunan nailiyyətləri Azərbaycanın demokratiya istiqamətində mühüm addımı kimi qiymətləndirdilər. Qeyd olundu ki, seçicilər tam azad şəraitdə öz iradələrini ifadə edə bilmişlər və nəticələr şəffaf formada ictimaiyyətə çatdırılmışdır. Ayrı-ayrı xırda qanun pozuntuları və qüsurlar isə seçkilərin nəticələrinə təsir etməmişdir.
Sonda toplantı iştirakçıları seçkilərin nəticələri ilə əlaqədar bəyanat imzaladılar.
Bəyanatda deyilir ki, biz, gənclərin seçki bloklarının nümayəndələri, gənc namizədlər və gənclər təşkilatlarının təmsilçiləri, 2005-ci il noyabrın 6-da Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkiləri və nəticələrini Azərbaycanın demokratik inkişafı yolunda mühüm addım kimi qiymətləndirdiyimizi bəyan edirik. Hesab edirik ki, Azərbaycan iqtidarının parlament seçkilərinin demokratik şəraitdə keçirilməsi üçün nümayiş etdirdiyi yüksək siyasi iradə, qətiyyət, imzalanan sərəncamlar, qəbul olunan qərarlar, mövcud seçki qanunvericiliyinə edilmiş dəyişikliklər seçki prosesinin şəffaflığını təmin etmişdir. Seçkiqabağı təbliğat-təşviqat kampaniyasının gedişi, səsvermə günü seçicilərin mütəşəkkilliyi, seçkilərdə yol verilmiş pozuntuların aradan qaldırılması üçün atılmış qətiyyətli addımlar, Azərbaycanın dövlət başçısının azad və ədalətli seçkilərin keçirilməsində hamıdan çox maraqlı olduğunu sübut etmişdir. Nüfuzlu beynəlxalq qurumlar da parlament seçkilərinin bəzi qüsurlara baxmayaraq, əsasən demokratik, azad və ədalətli keçdiyini bildirmişlər. Təəssüflər olsun ki, radikal müxalifət dairələri seçkilərdə ağır məğlubiyyətə uğramasına baxmayaraq, ölkədə ictimai-siyasi sabitliyi pozmağa yönəlmiş cəhdlər göstərir. Lakin onların bu əməlləri xalqımız tərəfindən qətiyyətlə və birmənalı olaraq rədd edilir.
Biz, gənclərin seçki bloklarının nümayəndələri, gənc namizədlər və gənclər təşkilatlarının təmsilçiləri xalqımızın əksər hissəsinin ümumi rəyini dəstəkləyərək 6 noyabr seçkilərinin demokratik, azad və şəffaf keçdiyini bəyan edir və bütün tərəqqipərvər gəncliyi Azərbaycanda demokratiyanı, siyasi sabitliyi və inkişafı dəstəkləməyə çağırırıq.
Müraciəti YAP Gənclər Birliyi,
Sabitlik və İnkişaf Mərkəzi,
“Yeni Azərbaycan-Yeni Adlar”
Gənclərin Seçki Bloku, Gənclər
Təşkilatlarının Seçki Şəbəkəsi, Müstəqil
Azərbaycan Gənclərinin Seçki Bloku və
digər birlik və təşkilatların nümayəndələri
imzalamışlar.