Gənclərlə İş üzrə İctimai Şura yenidən formalaşdırılacaq
Bakı, 19 mart, AZƏRTAC
Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şura yenidən formalaşdırılacaq.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə şuranın növbəti iclasında məlumat verilib.
İctimai şuranın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı qərarların qəbulu prosesində gənclərin qeyri-hökumət təşkilatlarının (ictimai birliklər və fondlar) iştirakını təmin etməkdir.
İclasda gənclər və idman nazirinin müavini İntiqam Babayev, ictimai şuranın sədri Nurəddin Mehdiyev və 80-dən çox gənclər təşkilatlarının sədrləri iştirak ediblər.
Tədbirdə ötən dövrdə ictimai şuranın fəaliyyətindən danışılıb. “İctimai iştirakçılıq haqqında” Qanunun tələbələrinə əsasən onun yenidən formalaşdırılmasının zəruriliyi diqqətə çatdırılıb.
Gənclər təşkilatları haqqında danışılarkən bildirilib ki, bəzi qurumların fəaliyyəti bir o qədər də qənaətbəxş deyil. Dövlət dəstəyi almaq arzusunda olan hər bir təşkilatın müasir zəmanəmizin tələblərinə cavab vermələrinin, daha fəal işləmələrinin önəmi diqqətə çatdırılıb.
Bu məqsədlə gənclər təşkilatları arasında keçirilən sorğu barədə məlumat verilib, nəticələr ətrafında fikir mübadiləsi aparılıb.