“Gimnastika hamı üçün” növünə aid məlumat xarakterli vebinar davam edir
Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən ilk dəfə təşkil edilən “Gimnastika hamı üçün” növünə aid məlumat xarakterli vebinar davam edir.
AZƏRTAC xəbər verir ki, gimnastika mütəxəssislərinin və bu gimnastika növü ilə tanış olmaq istəyən şəxslərin böyük marağına səbəb olmuş vebinarda iştirak üçün ümumilikdə 84 nəfər qeydiyyatdan keçib.
İştirakçılar arasında ölkənin demək olar ki, bütün şəhər və rayonları - Qax, Zaqatala, Balakən, Qusar, Şirvan, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan və digər bölgələrdən olan təmsilçilər yer alıb.
Vebinar “Gimnastika hamı üçün” növü üzrə yığma komandanın baş məşqçisi Mariana Vasileva və məşqçisi Ruslan Eyvazov tərəfindən keçirilir.
Vebinarın məqsədi iştirakçılara “Gimnastika hamı üçün” haqda ümumi məlumat vermək, bu növ üzrə təşkil edilən əsas yarışlar və tədbirlər (Ümumdünya Gimnastradası, “World Gym for Life Challenge”, “EUROGYM”, “European Gym for Life Challenge”, “Golden age” festivalı), bu növlə məşğul ola biləcək şəxslər, yaş qrupları haqqında məlumatlandırmaq, eləcə də bu növün ölkə ərazisində inkişaf imkanlarını müzakirə etməkdir.
M.Vasilevanın bildirdiyinə görə, vebinarın ilk günündən iştirakçılar böyük maraq nümayiş etdiriblər: “İştirak edən şəxslər vebinarda çox fəal şəkildə iştirak ediblər, hər kəs məmnunluğunu bildirib. Qeydiyyatdan keçmiş iştirakçıların demək olar ki, hamısı vebinara qatılıb. Biz “Gimnastika hamı üçün” növünün ölkəmizdə inkişafı üçün çox ümüdlüyük”.