Gömrük Komitəsinin təşkil etdiyi yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 28 yanvar, AZƏRTAC
Yanvarın 28-də Dövlət Gömrük Komitəsində “Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar” mövzusunda keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, Gömrük Komitəsi və Mətbuat Şurasının birgə təşkil etdiyi müsabiqə 30 yanvar - gömrük əməkdaşlarının peşə bayramına həsr olunub.
Komitə sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov gömrük sistemində aparılan islahatlar çərçivəsində gömrük-media münasibətlərinin də yeni müstəvidə inkişaf etdiyini bildirib, bu sahədə yeniliklərin ictimaiyyətə çatdırılmasında Azərbaycan mediasının səmərəli və peşəkar yanaşmasından bəhs edib. 2018-ci ildə təşkil edilən yazı müsabiqəsi, mediatur və təlimlərdə jurnalistlərin fəal iştirakından danışan İ.Hüseynov görülən işlərin nəticəsi olaraq gömrük sistemində aparılan islahatlar, tətbiq edilən yeniliklər və layihələrlə bağlı dolğun, peşəkar yazıların hazırlanıb yayımlandığını deyib.
O, gömrük-media münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.
Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli ölkədə genişmiqyaslı mütərəqqi islahatlar aparıldığını, gömrük orqanlarının bu prosesdə xüsusi fəallıq nümayiş etdirdiyini və gömrük sistemindəki innovativ islahatların bir sıra qurumlara nümunə olduğunu deyib. Vurğulayıb ki, gömrük sistemində islahatlar kompleks xarakter daşıyır və həyata keçirilən innovativ proqramda gömrük-media münasibətləri də səmərəli, işgüzar müstəvidə inkişaf edir.
M.Ələsgərli bu çərçivədə reallaşdırılan tədbirlərin artıq media qurumlarında konkret sahələr üzrə ixtisaslaşmış kadrların yetişməsinə və gömrük sistemi haqqında dolğun, düzgün məlumatların ictimaiyyətə çatdırılmasına münbit şərait yaratdığını diqqətə çatdırıb.
Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov isə müsabiqəyə ümumilikdə 38 yazının təqdim olunduğunu, aidiyyəti qurumlar tərəfindən qiymətləndirilən yazıların ən yaxşılarının seçildiyini deyib.
Daha sonra müsabiqə qalibləri mükafatlandırılıb. Mükafatlandırılanlar arasında AZƏRTAC-ın müxbiri Elvin Camalov da var.