Gömrük orqanları arasında futzal üzrə ənənəvi çempionatın mərhələ oyunları başa çatıb
Bakı, 29 aprel, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı və gömrük xidmətinin yaradılmasının 27-ci ildönümü münasibətilə Azərbaycan Texniki Universitetinin idman zalında futzal üzrə gömrük orqanları arasında ənənəvi çempionatın mərhələ oyunları başa çatıb.
AZƏRTAC xəbər verir ki, çempionatın təşkilində məqsəd gömrük orqanlarında çalışan əməkdaşların sağlamlığının və fiziki hazırlığının inkişaf etdirilməsi və kütləviliyin təmin edilməsidir. Yarışda ümumilikdə iki qrupda 12 komanda dairəvi sistem üzrə mübarizə aparıb.
Gərgin idman mübarizəsinin sonunda finala vəsiqə əldə etmiş komandalar müəyyənləşib. Mayın 10-da Azərbaycan Texniki Universitetinin idman zalında keçiriləcək final mərhələsində üçüncü yer uğrunda Bakı Baş Gömrük İdarəsinin komandası Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin kollektivi ilə qarşılaşacaq. Qalib adı uğrunda isə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin komandaları üz-üzə gələcəklər.
Çempionatda ilk üç yeri tutmuş komandaların üzvləri müvafiq kubok, diplom, medal və hədiyyələrlə mükafatlandırılacaqlar. Dördüncü yeri tutmuş komandaya fəxri diplomlar təqdim olunacaq. Eləcə də turnirdə fərqlənən 6 oyunçu və 2 hakim müxtəlif nominasiyalar üzrə təltif ediləcək. Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası tərəfindən təsis edilmiş “Ədalət prinsiplərinə sadiq hakim”, “Ədalət prinsiplərinə sadiq idmançı”, “Ədalət prinsiplərinə sadiq məşqçi” nominasiyaları üzrə mükafatlar da təqdim olunacaq.