ELM VƏ TƏHSİL
Görkəmli alim Həsən Mirzəyevin anadan olmasının 90 illiyi qeyd edilib VİDEO
Bakı, 24 noyabr, AZƏRTAC
Noyabrın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Əməkdar Elm Xadimi, filologiya elmləri doktoru, professor Həsən Mirzəyevin anadan olmasının 90 illiyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə iştirak edən Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, eləcə də alimin yetirmələri əvvəlcə universitetin foyesində Həsən Mirzəyevə həsr edilmiş sərgiyə baxıblar.
Pedaqoji Universitetin rektoru Cəfər Cəfərov çıxış edərək 87 illik ömrünün 65 ilini yaradıcılığa həsr etmiş fədakar alimin həyat yolundan və elmi axtarışlarından söz açıb.
Bildirilib ki, Həsən Mirzəyev 1927-ci il noyabrın 26-da Dərələyəz mahalındakı Qovuşuq kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1948–1950-ci illərdə Naxçıvan Dövlət Müəllimlər İnstitutunda, 1951–1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb.
Əmək fəaliyyətinə 1950-ci ildə doğma kəndində orta məktəb müəllimi kimi başlayan Həsən Mirzəyev 1955-ci ildə ali təhsilini başa vurduqdan sonra rayon xalq maarif şöbəsinin inspektoru və Qovuşuq kənd orta məktəbinin müəllimi, 1957–1959-cu illərdə isə məktəb direktoru işləyib. 1959–1962-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturada oxuyub, aspiranturanı bitirdikdən sonra ömrünün sonunadək həmin institutda çalışıb. O, müxtəlif illərdə müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan vəzifələrini tutub.
Qeyd edilib ki, 1990-cı illərin əvvəllərində respublikada cərəyan edən ictimai-siyasi proseslər zamanı Həsən Mirzəyev fəal vətəndaşlıq mövqeyi nümayiş etdirib, taleyüklü hadisələrə münasibətdə Azərbaycan xalqının milli mənafelərinə daim sadiq qalıb. Respublikanın ictimai-siyasi həyatında yaxından iştirak edən alim 1998-ci və 2000-ci illərdə iki çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Bütün bu dövr ərzində öhdəsinə düşən hər bir işə dərin məsuliyyətlə yanaşaraq, fəaliyyət göstərdiyi sahələrdə yüksək peşəkarlıq nümayiş etdirib.
Sonra çıxış edən professor Buludxan Xəlilov bildirib ki, Azərbaycan filologiya elminin inkişafında xüsusi xidmətləri olan Həsən Mirzəyev dilçiliyin müxtəlif problemlərinə dair bir sıra sanballı tədqiqatları ilə tanınırdı. Alimin xüsusən Qərbi Azərbaycanın yer adları ilə bağlı araşdırmaları milli tarixin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Onun, həmçinin folklorşünaslıq sahəsində fəaliyyəti də təqdirəlayiqdir. Həsən Mirzəyevin 200-dən çox elmi əsəri, o cümlədən 25 kitabı və 10-a yaxın dərs vəsaiti işıq üzü görüb. Eyni zamanda, bədii yaradıcılıqla da məşğul olub.
Görkəmli alimin həyat və yaradıcılığından bəhs edən videoçarxın nümayişindən sonra tədbir digər çıxışlarla davam etdirilib.
Çıxış edənlər Azərbaycan dilçilik elminin tədqiqində, ümumən filologiya elmində dərin izlər buraxmış Həsən Mirzəyevin elmi əsərlərinin öz aktuallığı ilə bu gün də tələbələr, tədqiqatçılar, xüsusən də gənc alimlər üçün əsl mənbə olduğunu vurğulayıblar.
Diqqətə çatdırılıb ki, filologiya üzrə ixtisaslı kadrların hazırlanması işində Həsən Mirzəyev bilik və bacarığını əsirgəməyib. Onun rəhbərliyi altında bir çox tədqiqatçı dissertasiya müdafiə edib. Həsən Mirzəyevin dilçiliyin aktual məsələləri ilə bağlı müxtəlif elmi simpozium və konfranslardakı çıxışları daim rəğbətlə qarşılanıb.
Tədbirdə Həsən Mirzəyevlə bağlı xatirələrdən danışılıb, onun səmimiliyindən, sadəliyindən, istiqanlılığı ilə hamının hörmətini, məhəbbətini qazanmasından, eləcə də tələbələrin ona sonsuz sevgisindən bəhs olunub.