Göyçay rayonunda yaşayış məntəqələrinin sel sularından mühafizəsi və əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər görülür
Göyçay, 9 oktyabr (AZƏRTAC). Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Göyçay rayonunda yaşayış məntəqələrinin sel sularından mühafizəsi və əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər görülür.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Göyçay şəhər ərazisinin, Potu və Şıxlı kəndlərinin sel sularından mühafizəsi məqsədilə Göyçay çayında sahilbərkitmə işləri davam etdirilir. Son bir ildə çayın məcrasında 886 kubmetr həcmində daş-beton, 338 min kubmetr həcmində məcratəmizləmə işləri görülmüşdür. Bundan əlavə, torpaqların meliorasiya və kollektor-drenaj şəbəkəsinin yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılması hazırlanmışdır. Rayonda 1071 min kubmetr həcmində kollektor-drenaj şəbəkəsi lildən təmizlənmiş, 136 hidrotexniki qurğu təmir edilmişdir.
Kənd yaşayış məntəqələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sifarişi ilə Göyçay çayının məcrasında nizamlayıcı qurğu tikilmişdir. Göyçay şəhərinin “Su-kanalizasiya sisteminin yenidənqurulması layihəsi”nin icrasının birinci mərhələsi başa çatdırılmışdır. Cari ildə rayonun Çaxırlı və Bəydövül kəndlərində sutəmizləyici qurğu inşa edilmiş, kəndlərdə altı artezian quyusu qazılmışdır.