REGİONLAR
Göyçayda “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda dəyirmi masa keçirilib
Bakı, 21 iyul, AZƏRTAC
İyulun 21-də Xalq şairi Rəsul Rzanın ev-muzeyində Milli Mətbuat Günü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, “Göyçay” qəzetinin redaktoru, Əməkdar müəllim Adil Məmmədov Milli Mətbuatın yaranma tarixindən danışıb. Bildirib ki, Azərbaycan milli mətbuatı yarandığı ilk gündən qabaqcıl ideyaların-maarifçiliyin, milli azadlığın, demokratik fikrin carçısı olub. Həsən bəy Zərdabi “Əkinçi” qəzetini yaratmaqla cəmiyyətin inkişafında, mənəvi, siyasi, əxlaqi təkamülündə müstəsna rol oynayıb.
Dəyirmi masada çıxış edən “Ədalət” qəzetinin redaktor müavini Məzahir Əhmədov və digərləri bildiriblər ki, Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub.
Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir.
Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycanda mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində gördüyü tədbirlərdən də geniş bəhs edilib.