Göygöl Milli Parkının qarlı təbiəti insanı valeh edir - FOTO
Göygöl, 11 yanvar, Elcan Məmmədov, AZƏRTAC
11 Yanvar - Dünya Qoruqlar və Milli Parklar Günüdür. Bu tarixin xüsusi mühafizə olunan təbiət ərazilərinə həsr edilməsi təsadüfi deyil. Belə ki, 1917-ci il yanvarın 11-də dünyada ilk dəfə Rusiyada nadir heyvanların qorunması məqsədilə Baykal gölü üzərində Barquzin Dövlət Qoruğu yaradılıb. Həmin təqvim Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən qeyd olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dünya Qoruqlar və Milli Parklar Günü ilə əlaqədar Göygöl Milli Parkında “açıq qapı” günü keçirilir.
Parkın direktor müavini Fuad Quliyev hər fəsildə füsunkar gözəlliyə malik olan Göygölün qış fəslində də öz qonaqlarını qəbul etdiyini deyir: “Zəngin biomüxtəlifliyə malik Göygöl Milli Parkında müxtəlif yaş kateqoriyasına uyğun 10 marşrut fəaliyyət göstərir və turistlər bu marşrutlar boyunca unikal təbiət mənzərələrini seyr edir və asudə vaxtlarını səmərəli keçirirlər”.
“Biz ilin hər fəslində Göygölə gəlirik. Çünki buranın təbiəti hər fəsildə insanı fərqli qarşılayır. Göygölün havası da təmizdir. İnsan burada sanki mənəvi rahatlıq tapır. Özümüzü təbiətlə iç-içə hiss edirik. Qarın yağmasından istifadə edərək parka gəldik və buradakı qış mənzərəsindən zövq aldıq. Turistlərin rahatlığı üçün burada hər cür şərait yaradılıb. Ona görə də deyə bilərəm ki, yayda olduğu kimi, park qışda da gözəldir,” - deyə milli parkı ziyarət edən turist Səkinə Mustafayeva bildirib.
Milli parkda olan turistlər gözəl qış və qar mənzərələrindən istifadə edərək şəkillər çəkdirir, qartopu oynayaraq əsl qış sevinci yaşayırlar.
Parka ilk dəfə gələn Sevinc Məmmədova isə buranın rəngarəng təbiətindən valeh olduğunu deyib: “Həmişə Göygöl haqqında tanışlarımdan, qohumlarımdan eşidirdim. Axır ki, gəlib görmək mənə nəsib oldu, özü də qarlı mənzərəsini, valeh oldum. Park həm böyükdür, həm də qəribə sehrli aurası var. İnsan elə qalıb istirahət etmək istəyir. Buranın təbiəti sanki insanı özünə möhürləyir”.
Göygöl Milli Parkı ətraf mühitin mühafizəsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 1 aprel tarixli Sərəncamı ilə yaradılıb.