GUAM-ın qərargahında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının 2-ci iclası keçirilib
Kiyev, 9 aprel, AZƏRTAC
Ukrayna paytaxtında, GUAM-ın Katibliyində qurumun üzvü olan ölkələrin Daimi Səlahiyyətli Nümayəndələr Şurasının (DSNŞ) 2-ci iclası keçirilib. Bu barədə AZƏRTAC-a GUAM-ın Kiyevdəki qərargahından məlumat veriblər.
İclasda qurumun fəaliyyətini, GUAM çərçivəsində layihə və təşəbbüslərin həyata keçirilməsini, beynəlxalq tərəfdaşlığın genişləndirilməsini, əməkdaşlığın yeni istiqamətlərini əhatə edən məsələlərin geniş spektri nəzərdən keçirilib. Məsələn, may-iyun aylarında nəqliyyat nazirlərinin görüşlərinin keçirilməsi və GUAM-ın Nəqliyyat-Tranzit Dəhlizinin praktiki baxımdan icrası məqsədi ilə fəaliyyət planının qəbul edilməsi, habelə Ukrayna Ticarət-Sənaye Palatası ilə birlikdə payızda biznes-forumun təşkil edilməsi və GUAM İşgüzar Şurasının fəaliyyətinin genişləndirilməsi məsələləri müzakirə edilib.
DSNŞ-nin iclasında Ukrayna Gənclər və İdman Nazirliyinin gənclərlə iş istiqamətinin qurumun fəaliyyət spektrinə daxil edilməsi təşəbbüsünə xüsusi diqqət yetirilib.
DSNŞ müzakirələrin yekunlarına əsasən bu təşəbbüsü dəstəkləməyi məqsədəuyğun sayıb və Ukrayna Gənclər və İdman Nazirliyi ilə birlikdə onu həyata keçirmək üçün tədbirlər görməyi GUAM Katibliyinə tövsiyə edib.
DSNŞ təşəbbüsə və iclasda iştirakına görə N.Movçana təşəkkür edib. Tərəflər Ukrayna hökumətinin yüksək vəzifəli şəxslərinin DSNŞ-nin iclasında iştirakı təcrübəsini faydalı və səmərəli hesab edərək, GUAM çərçivəsində əməkdaşlığı fəallaşdırmaq məqsədi ilə bu cür praktikanı davam etdirməyi GUAM katibliyinə tövsiyə edib.
GUAM-ın bu il mayın 23-də qeyd ediləcək 10 illik yubileyinə həsr olunmuş tədbirlər ayrıca müzakirə edilib.
Zeynal Ağazadə
AZƏRTACV-ın xüsusi müxbiri
Kiyev