Güllü Eldar Tomarlı: Gənclərin kəlağayıya marağı əhəmiyyətli dərəcədə artıb
Bakı, 13 iyul, AZƏRTAC
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi və “Kəlağayı ev muzeyi”nin birgə təşkilatçılığı ilə Azərbaycan kəlağayısının qorunması, təbliği və gələcək nəsillərə ötürülməsinə həsr olunmuş dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində geniş kəlağayı sərgisi təşkil olunub.
Sərgidə və dəyirmi masada çıxış edən “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin rəhbəri, “Kəlağayı ev muzeyi”nin direktoru Güllü Eldar Tomarlı kəlağayının sadəcə bir baş örpəyi deyil, Azərbaycan qadınının ismət, sədaqət və məhəbbət rəmzi, həmçinin xalqımızın tarixi və zəngin mədəniyyəti olduğunu vurğulayıb.
Güllü Eldar Tomarlı bildirib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2014-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilən kəlağayımız beynəlxalq səviyyədə yüksək qiymətləndirilir.
O diqqətə çatdırıb ki, kəlağayının UNESCO-ya daxil olmasının 10 illiyi münasibətlə Elm və Təhsil Nazirliyinin xətti ilə Bakı Dövlət Universitetində, universitetin Qazax filialında, Sumqayıt, Mingəçevir dövlət universitetlərində və ümumtəhsil məktəblərində, o cümlədən Naxçıvanda davamlı maarifləndirmə tədbirləri keçirilib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant layihələri çərçivəsində də bu istiqamətdə mühüm işlər görülüb.
Güllü Eldar Tomarlı ölkədə “Şəhərsalma və Memarlıq İli”nə toxunaraq, kəlağayı ornamentlərinin Azərbaycan arxitekturası və şəhər mədəniyyətinin ayrılmaz bir parçası olduğunu qeyd edib. O, aparılan təbliğat işləri nəticəsində gənclərin kəlağayıya marağının əhəmiyyətli dərəcədə artmasını sevindirici hal kimi vurğulayıb. Natiq, həmçinin Azərbaycan Televiziyası (AzTV) tərəfindən bu mövzuda xüsusi sənədli filmin hazırlandığını və ekran əsərinin sentyabr ayında təqdim olunacağını bildirib.
Gələcək planlardan bəhs edilərkən, rəsmi uniformalarda (məsələn, bank sektorunda) istifadə olunan xarici fulyarların (boyun şarflarının) yerinə milli ruhu əks etdirən kiçikölçülü kəlağayılardan istifadə edilməsi təklif olunub.
Muzey direktoru kəlağayının əsl dəyərinin onun təbii ipək parçası və naxışlarında gizləndiyini diqqətə çatdırıb. O, bu müqəddəs mirasın müvəqqəti dəb xatirinə dona və ya digər geyim formalarına çevrilməsinin əleyhinə olduğunu bildirərək, kəlağayının hər zaman Azərbaycan xanımının baş tacı olaraq qalmalı olduğunu vurğulayıb.
Tədbir QHT sədrləri, yazarlar və ictimaiyyət nümayəndələrinin kəlağayı naxışları, eləcə də onun gələcək təbliğat perspektivləri ətrafında apardıqları maraqlı müzakirələrlə davam edib.
Müxbir: Şəlalə Camal