ELM VƏ TƏHSİL
Günel Hacıyeva: 177 mahnıda 1253 norma pozuntusu müəyyən edilib
Bakı, 6 aprel, AZƏRTAC
İlk yazılı musiqi risalələrimizin müəllifi olan Səfiəddin Urməvi, Əbdülqadir Marağayi və Mir Möhsün Nəvvab, onların layiqli davamçıları Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Niyazi, Qara Qarayev, Fikrət Əmirov və digərləri çoxcəhətli yaradıcılıq nümunələri ilə mədəniyyətimizi və dünya musiqi xəzinəsini zənginləşdiriblər. Mahnı yaradıcılığında söz və musiqi müəllifi, ifaçı, həmçinin aranjimançı və müvafiq mütəxəssislərin üzərinə böyük məsuliyyət düşür.
AZƏRTAC xəbər verir ki, bunu aparıcı mütəxəssis Günel Hacıyeva “Mahnılarımız monitorinq aynasında” adlı hesabat tədbirində “Milli musiqimizin dünəni və bu günü” adlı məruzəsində deyib. Onun sözlərinə görə, mənşəyi bilinməyən top-reytinqli bayağı mahnıların intensiv şəkildə yayımlanması ilə “trend-mahnı” anlayışının qeyri-iradi qəbul olunması, milli mədəniyyətimizə yad, bayağı mahnıların insanlara gerçəklik kimi təqdim edilməsi artıq həyəcan təbilinin çalınmasını zəruri edir: “Ticarət-kommersiya məqsədlərinə yönəldilmiş, arzuolunmaz əxlaqı, aşağı səviyyəli davranış tərzini reklam və diktə edən məqsədyönlü mahnılar insanların həyatına nüfuz etdikcə mənfi tendensiyaların təsiri qaçılmazdır. 350-yə yaxın mahnının monitorinqə cəlb edilməsi nəticəsində 177 mahnıda 1253 norma pozuntusu müəyyən edilib”.