Gürcü politoloq: Azərbaycan regionda yeni təşəbbüslərlə çıxış edən lider dövlətdir
Tbilisi, 12 oktyabr, AZƏRTAC
Bu gün regionda fundamental dəyişikliklər baş verib. Son hadisələrin dinamikası regiondakı proseslərin həlli ilə bağlı qərarların verilməsini və həllinin sürətləndirilməsini tələb edir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq Tengiz Txilava söyləyib.
Azərbaycanın regionun lideri və əsas aparıcı dövləti olduğunu qeyd edən politoloq deyib: “Təbii ki, Azərbaycan Prezidenti yeni təşəbbüslər irəli sürür və bu təşəbbüsləri strateji tərəfdaş olan Gürcüstan ilə məsləhətləşərək həyata keçirmək istəyir. Əminəm ki, görüş (Prezident İlham Əliyevlə Baş nazir İrakli Qaribaşvilinin görüşü - red.) çoxlu maraqlı mövzuları əhatə edib və onun müsbət nəticələri gecikməyəcək”.
Azərbaycan və Ermənistan liderlərinin Gürcüstanda danışıqlar aparması ilə bağlı elan edilmiş təşəbbüsü şərh edən siyasətçi deyib ki, Gürcüstan hər iki dövlət üçün yaxşı qonşudur və digər ölkələrlə birlikdə regionda davamlı sülhün bərqərar olmasına öz töhfəsini verə bilər.
“Xüsusilə indi, ən ağrılı münaqişələrdən birinin başa çatdığı və nəinki regionda, bütövlükdə Avropa və Asiyada çox şeyi dəyişə biləcək böyük iqtisadi layihələrin reallaşdırılması üçün real imkanların olduğu bir vaxtda davamlı sülh mühüm əhəmiyyət kəsb edir”, - deyə T.Txilava vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi