Gürcü politoloq: Ermənistanın Azərbaycanla sərhəddə və Şuşada törətdiyi təxribatlar terror aktıdır
Tbilisi, 15 noyabr, AZƏRTAC
Ermənistan silahlı birləşmələrinin Azərbaycanla sərhəddə və Şuşada törətdikləri təxribatlar terror aktıdır. Ermənilərin bu addımı Gürcüstan ictimaiyyətini də ciddi narahat edir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq, Gürcüstanın ART Qalleri Televiziyasının prezidenti Tengiz Txilava söyləyib.
Onun sözlərinə görə, ermənilər tərəfindən Şuşada Azərbaycan və Rusiya hərbçilərinin olduğu nəzarət postuna qumbara atılması, sərhəddə Azərbaycan əsgərlərinin mövqelərinin, digər infrastruktur obyektlərinin, mülki əhalinin atəşə tutulması bir daha göstərir ki, Ermənistan 44 günlük müharibədən lazımi dərs almayıb. Azərbaycan dəfələrlə sülhsevər və ədalətli mövqe nümayiş etdirsə də, Ermənistan öz çirkin niyyətlərindən əl çəkmir. Bu isə daha ağır nəticələr verə bilər.
Politoloq diqqətə çatdırıb ki, Ermənistanı birdəfəlik sülhə məcbur etmək üçün daha bir yol var. Rusiya sülhməramlıları qarşı tərəfə layiqli cavab verməlidir. Yəni, Ermənistana ciddi xəbərdarlıq olunmalı və Ermənistan hakimiyyətini terrora qarşı mübarizədə ciddi tədbirlər görməyə vadar etməlidir. Yaxud da geri çəkilməlidir ki, Azərbaycan məsələni birdəfəlik həll etsin. Bunun üçün isə daha bir “Dəmir yumruq” əməliyyatı kifayət edər.
“Bu gün Azərbaycan güclü orduya və dünyada kifayət qədər nüfuza malik olan ölkədir. Türkiyə kimi böyük və güclü tərəfdaşı var. Bu və digər amillər Azərbaycana regionda sülh və sabitlik yaratmağa tam imkan verir”, - deyə Txilava vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi