Gürcüstan Azərbaycanlıları Konqresi Marneulidə Xocalı faciəsinə həsr olunmuş tədbir keçirmişdir
Marneuli, 24 fevral (AZƏRTAC). Gürcüstan Azərbaycanlıları konqresi fevralın 24-də Marneuli Rayon İcra Hakimiyyətində Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş tədbir keçirmişdir.
Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, onların ruhuna dua oxunmuşdur.
Azərbaycan və gürcü ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri konqresin sədri, Kvemo Kartli-Borçalı bölgəsi qubernatorunun müavini Hüseyn Yusifov açaraq, ermənilərin Azərbaycan torpaqlarını ələ keçirmək məqsədi ilə müxtəlif hiylələrə əl atıb xalqımızın başına gətirdikləri faciələrdən ətraflı danışmışdır.
H.Yusifov Azərbaycan rəhbərliyinin yürütdüyü uğurlu daxili və xarici siyasət sayəsində torpaqlarımızın tezliklə erməni işğalından azad olunacağına əminliyini bildirmişdir.
Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə ölkənin ciddi təhlükələrdən xilas olduğunu, xalqımızın haqq işinin dünya ictimaiyyətinə çatdırıldığını vurğulamış, ermənilərin tarixən azərbaycanlılara qarşı soyqırımı törətmələrinin təsdiqini tapması istiqamətində əvəzolunmaz xidmətini qeyd etmişdir.
Səfir tədbir iştirakçılarının diqqətini ermənilərin qəsbkarlıq və etnik təmizləmə siyasətinin qarşısının vaxtında alınmayacağı təqdirdə Cənubi Qafqazı ciddi təhlükə gözləməsinə yönəltmişdir.
Professor Quram Marxulia özgə torpaqları hesabına ermənilərin özlərinə dövlət qurduğunu və onların indi də xam xəyallardan əl çəkmədiklərini, bu cür siyasətin isə uzunömürlü olmayacağını demişdir. Professor dünya ictimaiyyətini ermənilərin qəsbkarlıq və qəddarlıq siyasətinə lazımi qiymət verməyə çağırmışdır. Digər gürcü professor Konstantin Ramişvili isə Xocalı faciəsini vandalizm adlandırmış, bunun azərbaycanlılara qarşı soyqırımı olduğunu demişdir.
Tədbirdə Xocalı soyqırımını əks etdirən film göstərilmişdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi