GÜRCÜSTAN AZƏRBAYCANLILARI KONQRESİ XOCALI SOYQIRIMI İLƏ BAĞLI TƏDBİR KEÇİRMİŞDİR
Tbilisi, 26 fevral (AZƏRTAC). Fevralın 26-da Gürcüstan Azərbaycanlıları Konqresi Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrının binasında Xocalı faciəsinin 17-ci ildönümü ilə bağlı anma mərasimi keçirmişdir.
Mərasimdə konqresin sədri Əli Babayev Xocalı soyqırımının Azərbaycan xalqının tarixində ən dəhşətli və faciəli səhifə olduğunu bildirmiş, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasət nəticəsində haqq səsimizin dünya ictimaiyyəti tərəfindən eşidiləcəyinə əminliyini vurğulamışdır.
Sədr Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xarici ölkələrdəki Azərbaycan icmalarının bu istiqamətdə fəaliyyətlərinin gücləndirilməsi, diasporların Xocalı soyqırımını ifşa edən müxtəlif dillərdə nəşr olunmuş təbliğat materialları ilə təmin olunması sahəsində fəaliyyətə görə fondun rəhbərliyinə minnətdarlıq etmişdir. Ə.Babayev fondun Gürcüstan azərbaycanlılarına qayğı və diqqətinin ilbəil artdığını vurğulamış və ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərin əsl mənzərəsinin gürcü ictimaiyyətinə çatdırılması üçün azərbaycanlı icmasının bütün vasitələrdən istifadə edəcəyini söyləmişdir.
Digər çıxış edənlər Xocalı soyqırımının XX əsrdə insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri olduğunu, Azərbaycan rəhbərliyinin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində cinayətin cəzasız qalmayacağına dərin inam bildirmiş, ümummilli lider Heydər Əliyevin Xocalı faciəsinə hüquqi-siyasi qiymətin verilməsində və onun dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərini vurğulamışlar.
Mərasimdə dünya ictimaiyyətinə və Gürcüstan parlamentinə müraciət qəbul edilmişdir.
Tədbirdə Gürcüstan Prezidentinin müşaviri Mübariz Qarayev, Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşı Fəxri Hacıyev iştirak etmişlər.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi