GÜRCÜSTAN PARLAMENTİ ACARISTAN MUXTAR RESPUBLİKASININ STATUSU BARƏDƏ QANUN QƏBUL ETMİŞDİR
Yeni qanuna əsasən, Acarıstanın birinci şəxsi hesab olunan baş naziri prezidentin təqdimatı ilə Gürcüstan parlamenti təsdiq edəcəkdir. Prezidentə həmçinin Acarıstan parlamentini buraxmaq səlahiyyəti də verilir. Gürcüstan parlamentinin isə Acarıstan parlamentinin qəbul etdiyi qanunları ləğv etmək ixtiyarı vardır.
Əvvəlki strukturdan fərqli olaraq, Acarıstan hökumətində təhlükəsizlik və müdafiə nazirliklərinin yaradılması da yolverilməz sayılır.
Gürcüstan parlamentindəki müxalifət nümayəndələri Acarıstanın statusu haqqında qanunun əleyhinə çıxmışlar. Onların fikrincə, parlament Acarıstanda qatı avtoritar hakimiyyət yaratmışdır ki, bu da demokratiyaya ziddir. Qanunvericiliyə görə, Acarıstan Gürcüstanın Kaxeti, İmereti, Kartli, Quriya kimi adi bir bölgəsidir. Abxaziya və Cənubi Osetiyadan fərqli olaraq, vaxtilə Acarıstan muxtariyyəti, milli–etnik əlamətə görə yaradılmamışdır. Gürcüstanın 1995-ci ildə qəbul edilmiş Konstitusiyasında Abxaziyada gürcü dili ilə yanaşı, abxaz dili də dövlət dili elan olunmuşdur. Bu baxımdan Gürcüstanın ərazi bütövlüyü tam təmin edildikdən sonra, Acarıstanın muxtar statusu ilə, Abxaziya və Cənubi Osetiya statusunun fərqli olacağı gözlənilir.