DÜNYA
Gürcüstan parlamentinin deputatları Almaniya səfirinin ölkədən çıxarılmasını tələb edirlər
Tbilisi, 28 noyabr, AZƏRTAC
Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının deputatı İrakli Zarkua ölkənin xarici işlər nazirinə müraciət edərək onu Almaniyanın Gürcüstandakı səfiri Peter Fişerin ölkədən çıxarılması proseduruna başlamağa çağırıb. Deputatın sözlərinə görə, səfir öz hüquq və vəzifələrini qarışdırıb və təxribatla məşğuldur.
AZƏRTAC xəbər verir ki, deputat bu bəyanatla parlamentin noyabrın 28-də keçirilən iclasında çıxış edib.
“Almaniyanın səfiri hüquq və öhdəlikləri ilə bağlı çaşqınlıq içərisindədir. O, öz funksiya və vəzifələrini bilmir. Yaxşı olar ki, səfir öz hüquq və vəzifələrini hərtərəfli başa düşsün. Müstəqil bir ölkənin hakimiyyət orqanları ilə bu cür tonda danışmaq mümkün deyil, xüsusən də siz, təyin olunmuş səfirsiniz. Mən heç bilmirəm, sizin legitimliyiniz var, ya yox, çünki sizi təyin edən hökumət dağılıb. Sizin çıxışlarınız bir daha ikili standartlardan xəbər verir. Radikallığınızı özünüzdə saxlayın, mandatınıza uyğun gəlmir”, - deyə deputat vurğulayıb.
Almaniya səfirini Bundestaqın Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rott ilə müqayisə edən İrakli Zarkua deyib: “Mən istərdim ki, Almaniyanın Gürcüstandakı səfirinin ölkədən çıxarılması proseduruna başlansın, çünki o, burada olduğu mandata uyğun gəlmir. Düşünmürəm ki, o, alman və gürcü xalqları arasında münasibətlərə müsbət töhfə verə bilməz. Əslində, o, “Rott 2”-dir. Mən bu “rottlara” müraciət edirəm. Sizi təyin edən hökumət artıq dağılıb. Şults hökuməti və koalisiya dağılıb. Sizin heç bir legitimliyiniz yoxdur və əhalinin 54 faizinin seçdiyi hökumətlə belə tonda danışmağa imkan verməyəcəyik!”.
Qeyd edək ki, İ.Zarkuanın fikirləri digər deputatlar tərəfindən də dəstəklənib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi