Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları ucqar bölgədə tədris mərkəzi yaradılıb
Tbilisi, 11 yanvar, AZƏRTAC
Gürcüstanın Saqareco Bələdiyyəsinin Yor Muğanlı kəndində yerli müəllimlərin təşəbbüsü və əhalinin maddi dəstəyi ilə “Parlaq gələcək kitab evi” Tədris Mərkəzi fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, azərbaycanlıların yığcam yaşadıqları ucqar bölgədə ilk dəfədir belə bir mərkəz yaradılıb.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev mərkəzdə olub.
Bildirilib ki, yerli azərbaycanlıların səyləri nəticəsində yaradılan təhsil mərkəzində Azərbaycan və gürcü dillərində iki mindən artıq kitab toplanıb. Yeniyetmə və gənc soydaşlarımız həvəslə bu ədəbiyyatlardan istifadə edirlər. Hazırda kitabxana kimi fəaliyyət göstərən təhsil mərkəzində soydaşlarımız üçün gələcəkdə müxtəlif tədris kurslarının da təşkili nəzərdə tutulub.
“Parlaq gələcək kitab evi” tədris mərkəzinin şagirdləri tərəfindən müxtəlif şeir, mahnı və milli rəqslərdən ibarət bədii proqram nümayiş etdirilib. Mərkəzin şagirdi tərəfindən çəkilmiş “Qız qalası” rəsmi səfirə hədiyyə edilib.
F.Quliyev müəllim heyəti ilə söhbəti zamanı mərkəzin yaradılmasını yüksək qiymətləndirib və bunun digər bölgələrdəki soydaşlarımız üçün nümunə olduğunu bildirib. Vurğulayıb ki, bu cür mərkəzlər soydaşlarımızın inteqrasiya prosesində, onların gürcü dili və təhsil problemlərinin həllində mühüm rol oynayacaq.
Səfir, həmçinin Azərbaycan dövlətinin Gürcüstandakı azərbaycanlı icmasının təhsil sahəsində bir sıra məsələlərin həlli istiqamətində atdığı mühüm addımlardan danışıb, təhsil işçilərini maraqlandıran sualları cavablandırıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi