DÜNYA
Gürcüstanda ekskursiya avtobusunun qəzaya uğraması nəticəsində 21 nəfər xəsarət alıb
Bakı, 9 iyun, AZƏRTAC
Gürcüstanda ekskursiya mikroavtobusunun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 21 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirliyin saytında yerləşdirilən informasiyaya əsasən, Telavi şəhərinin hospitalına aralarında 12 uşağın olduğu 21 pasiyent yerləşdirilib. Ölkənin səhiyyə naziri yaralıların vəziyyəti ilə şəxsən tanış olmaq üçün Telaviyə gedib.
Qeyd edək ki, bir qədər əvvəl uşaqları Tbilisidən ekskursiyaya aparan avtobusun ölkənin şərqində yerləşən Kaxetiya regionunda dərəyə yuvarlanması nəticəsində 4 nəfərin həlak olduğu və 16 nəfərin yaralandığı barədə məlumat verilmişdi.
Daxili İşlər Nazirliyi hadisə zamanı mikroavtobusda Tbilisi şəhərinin 175 saylı məktəbinin 6-cı sinif şagirdlərinin və onların valideynlərinin olduğunu bildirib. Sürücü ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb. İlkin versiyaya görə, o, idarəetməni itirib.