Gürcüstanın Ağbulaq rayonunun Kosalar kəndində icma nümayəndələri ilə görüş keçirilib
Tbilisi, 17 aprel, AZƏRTAC
Gürcüstanın Kvemo Kartli bölgəsinin Tetriskaro (Ağbulaq) rayonunun Kosalar kəndində bu rayonun və Tsalka rayonunun azərbaycanlılar yaşayan kəndlərindən icma nümayəndələri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüş Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı və təşəbbüsü ilə reallaşıb.
Tədbirdə səfir Faiq Quliyev, səfirliyin əməkdaşları, Tetriskaro rayonunun meri Qiorgi Tsiklauri, rayonun məsul əməkdaşları, yerli bələdiyyənin deputatları, Gürcüstan Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsak Novruzov, şura üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
İsak Novruzov tədbirdə bildirib ki, Azərbaycan dövləti Gürcüstanla münasibətlərin inkişafına böyük önəm verir və bu ölkədəki soydaşlarımıza hər zaman diqqət və qayğı göstərir. Səfirliyin təşkilatçılığı ilə keçirilən bu görüş də həmin dövlət siyasətinin tərkib hissəsidir.
Sonra mer Q.Tsiklauri çıxış edərək görüşün təşkilinə, Ramazan ayında iftar süfrəsində azərbaycanlılarla pasxa bayramını qeyd edən gürcü xristianlarını bir araya gətirdikləri üçün Azərbaycan dövlətinə və səfirliyə minnətdarlıq edib. O deyib ki, Gürcüstanda, xüsusən də Tetriskaro rayonunda yaşayan azərbaycanlılar və gürcülər bütün dini, milli-mənəvi dəyərləri bölüşür, biri-birlərinə hörmətlə yanaşır və mehriban dostluq şəraitində yaşayırlar.
Səfir Faiq Quliyev Azərbaycan-Gürcüstan dostluğunun inkişafında ulu öndər Heydər Əliyevin rolunu xüsusi qeyd edib. Bildirib ki, Ulu Öndər Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra münasibətlərimiz yeni müstəvidə inkişaf etməyə başlayıb və bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Diplomat deyib ki, bu gün həm Azərbaycanda, həm də Gürcüstanda dini etiqad azadlığı qorunur. İnsanlar öz dini ayinlərini yerinə yetirə bilirlər.
O, Pasxa bayramı münasibətilə gürcü xalqını təbrik edib, firavanlıq, sülh və əmin-amanlıq, bolluq arzulayıb.
Bugünkü görüşdə azərbaycanlılarla yanaşı gürcü xalqının nümayəndələrinin də iştirakını yüksək qiymətləndirən səfir, bunu xalqlarımız arasındakı mehribançılığın bariz nümunəsi olduğunu vurğulayıb.
Sonra iftar süfrəsi açılıb, şəhidlərimizin ruhuna dualar oxunub.
Tbilisi